|
Xocalı qaçqınlarının
Birləşmiş Millətlər Təşkilatına,
Avropa Şurasına,
Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatına müraciəti
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları
olan Birləşmiş Millətlər Təşkilatı,
Avropa Şurası və Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına
müraciət etməkdə məqsədimiz 1992-ci
ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ
bölgəsində ermənilər tərəfindən
törədilmiş Xocalı soyqırımı haqqında
həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə
çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi
qiymət verilməsinə nail olmaqdır.
Azərbaycanın tarixinə az-çox bələd
olan hər bir şəxsə məlumdur ki, Qarabağın
dağlıq hissəsində yerləşən və
eramızdan əvvəl 3-cü minillikdən
mövcud olan Xocalı yurdumuzun qədim yaşayış
məskənlərindən biridir. Xocalı şəhərinin
ərazisində aparılmış arxeoloji qazıntılar
zamanı əldə olunmuş eksponatlar, habelə
nadir tarixi abidələr buna əyani sübutdur.
İrandan Azərbaycana köçmələrinin
150 illiyi münasibətilə 1978-ci ildə Dağlıq
Qarabağda abidə ucaltmış ermənilər
tarixi Azərbaycan torpaqları hesabına xəyali
"Böyük Ermənistan" ideyasını
reallaşdırmaq məqsədi ilə son iki əsrdə
xarici havadarlarının köməyi ilə Azərbaycana
qarşı ardıcıl işğalçılıq
siyasətini həyata keçirmiş və bu məkrli
məqsədə çatmaq üçün zaman-zaman
dəhşətli terror, kütləvi qırğın,
deportasiya və soyqırımı kimi bəşəri
cinayətlərdən belə çəkinməmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik
edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə
Qafqazda öz tarixi torpaqlarında etnik təmizləmə
və soyqırımı siyasətinə məruz
qalan milyonlarla azərbaycanlı kütləvi surətdə
qətlə yetirilmiş, dədə-baba yurdlarından
zorla çıxarılmışdır. Nəhayət,
1988-ci ildən başlayaraq Azərbaycana qarşı
əsassız ərazi iddiaları və erməni
separatizmi yenidən baş qaldırmış, heç
bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq
Qarabağ fitnəkarlığına rəvac verilmişdir.
1988-1989-cu illərdə Ermənistandan - öz tarixi-etnik
torpaqlarından 250 mindən artıq azərbaycanlı
son nəfərinə kimi deportasiya edilmiş, bu zaman
yüzlərlə dinc sakin vəhşicəsinə
qətlə yetirilmişdir. Nəticədə Ermənistan
ermənilərin illərlə arzusunda olduqları
monoetnik respublikaya çevrilmişdir.
1988-ci ildən başlayan əsassız Dağlıq
Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində
tüğyan edən erməni irticası və bu
irticanın qurbanı olan günahsız Azərbaycan
əhalisinin acı iztirabları təəssüf
ki, keçmiş SSRİ rəhbərliyinin və
sivil dünyanın biganə sükutu ilə qarşılandı.
Belə vəziyyətdən ruhlanan və istifadə
edən ermənilər azərbaycanlılara qarşı
soyqırımı siyasətini və misli görünməmiş
tarixi cinayətlərini bir-birinin ardınca həyata
keçirməyə müvəffəq oldular. Azərbaycan
ərazisinin 20 faizi, o cümlədən Dağlıq
Qarabağdan kənarda yerləşən daha 7 rayon
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olundu. 1 milyondan artıq azərbaycanlı
öz dədə-baba ocaqlarından vəhşicəsinə
qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst
edildi, girov götürüldü. Yüzlərlə
yaşayış məskəni, minlərlə mədəniyyət,
təhsil və səhiyyə müəssisəsi,
tarix-mədəniyyət abidələri, məscidlər,
müqəddəs sitayiş yerləri, qəbirstanlıqlar
yerlə-yeksan edilərək misli görünməmiş
erməni vandalizminə məruz qaldı.
Münaqişənin ilk illərində Qarabağın
azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli,
Quşçular, Qaradağlı, Ağdaban və
digər kəndlərində erməni silahlı quldurlarının
törətdikləri faciələr, nəhayət,
Xocalı soyqırımı "məzlum və əzabkeş
erməni" vicdanında əbədi qara ləkə
kimi yaşayacaq tarixi cinayətlərdir.
1992-ci ilin fevralında isə XX əsrin ən dəhşətli
faciələri hesab olunan Xatın, Xirosima, Naqasaki,
Sonqmi kimi insan fəlakətləri sırasına
Xocalı soyqırımı da əlavə olundu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni silahlı birləşmələri keçmiş
SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq
Qarabağın Xankəndi (Stepanakert) şəhərində
yerləşən 366-cı sovet alayının bilavasitə
iştirakı ilə 7 min nəfərə qədər
azərbaycanlı əhalinin yaşadığı
Xocalı şəhərinə 5 istiqamətdən
hücum etdilər (hücum zamanı şəhərdə
3 minə yaxın adam qalmışdı). Həmin
vaxta qədər Xocalı şəhəri 4 aydan
artıq idi ki, erməni silahlı birləşmələri
tərəfindən tam mühasirə vəziyyətində
saxlanılır, əhali tibbi xidmət və ərzaq
sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə
çoxlu sayda xəstə, yaralı, qoca, qadın
və uşaq var idi.
Azğınlaşmış erməni quldurları
özlərinin muzdlu xarici havadarlarının köməyi
ilə həmin gecə Xocalı şəhərini
yerlə-yeksan etdilər. 366-cı alaya məxsus çoxsaylı
ağır hərbi texnikanın köməyi ilə
şəhər tamamilə dağıdıldı
və yandırıldı. Əliyalın dinc mülki
əhali dəhşətli qırğına məruz
qaldı - uşaqlar, qadınlar, qocalar, xəstələr
ağlasığmaz vəhşiliklə məhv edildi.
Ermənilər XX əsrin sonlarında sivilizasiyalı
bəşəriyyət üçün üzqaralığı
olan növbəti tarixi cinayəti - Xocalı soyqırımını
törətdilər. Bu vəhşi aksiyadan məqsəd
şəhərin bütün əhalisini məhv
etmək idi. Ancaq sırf təsadüflər nəticəsində
Xocalının xeyli sakini sanki tarixə şahidlik
etmək üçün sağ qaldı.
Ermənilərin Azərbaycan xalqına qarşı
törətdiyi növbəti soyqırımıXocalı
faciəsi nəticəsində 613 nəfər məhv
edildi, 1275 nəfər dinc sakin girov götürüldü.
Onlardan
150 nəfərinin taleyi bu gün də məlum deyildir.
Faciə nəticəsində 1000-dən artıq dinc
sakin müxtəlif dərəcəli güllə
yarası alaraq şikəst olmuşdur. Qətlə
yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri
azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst
olanların 76 nəfəri yetkinlik yaşına çatmamış
oğlan və qızlardır.
Bu
hərbi-siyasi cinayət nəticəsində 6 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki
valideynini, 130 uşaq isə valideynlərindən birini
itirmişdir. Şəhid olanlardan 56 nəfəri
xüsusi qəddarlıq və amansızlıqla diri-diri
yandırılmış, başlarının dərisi
soyulmuş, başları kəsilmiş, gözləri
çıxarılmış, hamilə qadınların
qarınları süngü ilə deşik-deşik
edilmişdir.
Təsəvvür
etmək belə çətindir ki, tarixdə analoqu
olmayan belə qəddarlıq və vəhşilik
insan tərəfindən törədilmiş, XX əsrin
sonunda, dünyanın gözü qarşısında
baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır:
təkcə azərbaycanlılara deyil, bütün
sivil bəşəriyyətə qarşı yönəlmiş
bu tarixi cinayətin müəllifi "əzabkeş
və məzlum" ermənilərdir.
Artıq
11 ildir ki, qaçqınlıq həyatı yaşayan
biz xocalılar dünyanın bütün sülhsevər
xalqlarına, beynəlxalq təşkilatlara ürək
ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə
müraciətlər edirik. Sizlərdən xahiş
edirik ki, bizim başımıza gətirilən müsibətlərə,
erməni hərbi təcavüzü nəticəsində
düçar olduğumuz dərdlərə soyuq,
laqeyd münasibət bəsləməyəsiniz. Biz
inanmırıq ki, dünyanın çox nüfuzlu
beynəlxalq təşkilatları olan BMT, AŞ və
ATƏT, sülhsevər qüdrətli ölkələr
sivilizasiyalı bəşəriyyətə meydan
oxuyan təcavüzkar bir dövləti - Ermənistanı
haqq-ədalətə, beynəlxalq hüquq normalarına
əməl etməyə məcbur edə bilməsinlər!
Biz
əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistan
dövlətinin Azərbaycana qarşı hərbi
təcavüzünü pisləyəcək, Azərbaycanın
ərazi bütövlüyünün təmin olunmasına,
bir milyondan artıq qaçqın-köçkünün
öz doğma yurd-yuvasına qayıtmasına, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi
ədalət kontekstində və sülh yolu ilə
həllinə kömək edəcəkdir.
2001-ci
il sentyabrın 11-də ABŞ-da minlərlə günahsız
insanın ölümünə səbəb olmuş
dəhşətli terror aktlarını biz xocalılılar
dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır bəşəri faciə bizi, nə
qədər ağır olsa da, 11 il əvvələ
qaytardı. Çünki 11 il bundan əvvəl belə
bir acı müsibəti biz və on minlərlə
azərbaycanlı qaçqın-köçkün
öz şəxsi taleyimizdə yaşamışıq
və bu gün də çadırlarda, vaqonlarda,
yeraltı qazmalarda, zirzəmilərdə ağır
qaçqınlıq həyatı sürməkdəyik.
Biz
- Xocalı soyqırımının möcüzə
nəticəsində sağ qalmış şahidləri
insanlığa qarşı yönəlmiş hər
cür soyqırımı və terror aktını
qətiyyətlə pisləyərək BMT-yə,
AŞ-yə və ATƏT-ə, dünyanın bütün
mütərəqqi ictimaiyyətinə böyük
ümidlə növbəti müraciətimizi edir,
Xocalı faciəsinə də hüquqi-siyasi qiymət
verilməsi zərurətini bir daha beynəlxalq birliyin
nəzərinə çatdırırıq.
XX
əsrin ən dəhşətli müsibətlərindən
birini yaşamış biz xocalılılar dünya
xalqlarını sülh və əmin-amanlıq uğrunda
birgə mübarizəyə səsləyirik. Biz dünyanın
bütün beynəlxalq təşkilatları və
sülhsevər, nüfuzlu dövlətləri qarşısında
həyəcan təbili çalaraq, hamını yer
üzündə müharibə ocaqlarının söndürülməsi
üçün səfərbər olmağa, sülh
və əmin-amanlıq şəraitində yaşayan,
gündən-günə çiçəklənən
azad, xoşbəxt insan cəmiyyəti uğrunda mübarizəyə
çağırırıq.
Bakı şəhəri, 15 fevral 2003-cü
il
|