|
|
Yeniliklər, hadisələr
|
|
- "Soyqırım analardan başlanır"
kitabının təqdimat mərasimi keçirilmişdir
(Azərbaycan
qəzeti)
Martın 31-də Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat
muzeyində "Soyqırım analardan başlanır"
kitabının təqdimat mərasimi və "Repressiyaya
məruz qalmış Azərbaycan yazıçıları"
mövzusunda elmi sessiya keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə
repressiya qurbanlarının faciəli taleyindən
söhbət açan fotoşəkillərin, qəzet
məqalələrinin, sənədlərin, kitabların
nümayiş olunduğu geniş sərgiyə baxdılar.
Tədbirin təşəbbüsçüsü
olan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-ın müxbirinə
demişlər ki, muzeyin direktoru, filologiya elmləri
namizədi İsrafil İsrafilov və MTN-in idarə
rəisi Məmməd Cəfərov çıxış
edərək ötən əsrin 20-50-ci illərində
sovet rejiminin Azərbaycan ziyalılarına qarşı
tarixdə görünməmiş kütləvi
repressiyasından ürək ağrısı
ilə danışdılar. Tariximizin bu qaranlıq
səhifələrində uzun illər gizli saxlanılmış
acı həqiqətlərin xalqa çatdırılmasında
Milli Təhlükəsizlik Nazirliyinin Elmi Tədqiqat
Mərkəzi əməkdaşlarının fəaliyyətini
yüksək dəyərləndirdilər. Bildirdilər
ki, bu gün təqdimatı keçirilən "Soyqırım
analardan başlanır" kitabı mərkəzin
repressiya qurbanlarına həsr olunmuş 25-ci kitabıdır.
3022 qadının adı göstərilmiş bu
kitabdan bəhs edən natiqlər qeyd etdilər ki,
qadınların kütləvi surətdə
məhv edilməsi bəşəriyyət tarixində
nadir hadisədir. Lakin o vaxtki rejim buna adi hal kimi baxırdı.
Ona görədir ki, SSRİ MİK-in 1934-cü il
tarixli qərarına əsasən "vətən
xaini" ittihamı ilə mühakimə olunanların
ailə üzvlərinin sürgün edilməsi
barədə qərarı əsas götürən
hakim qüvvələr qısa müddətdə
minlərlə günahsız Azərbaycan qadınını
Orta Asiyaya, Rusiyanın ucqarlarına- Sibirə sürgünə
göndərmişlər. Zindana atılan Azərbaycan
qadınlarının isə əksəriyyəti
2-4 uşaq anası idi.
İmperiya cəza maşınının görünməmiş
qəddarlığından söhbət açan
"Soyqırım analardan başlanır" kitabının
hər səhifəsi xalqımıza qarşı
dəhşətli cinayətlərdən xəbər
verir. Milli Təhlükəsizlik Nazirliyində repressiya
qurbanlarının geniş ictimaiyyətə tanıdılması
istiqamətində aparılan gərgin axtarışların
bəhrəsi kimi yüksək qiymətləndirillən
toplunun tərtibçisi Şəfiqə Məmmədova,
məsləhətçisi nazir, general-polkovnik Namiq
Abbasov, redaktoru polkovnik Xəqani Bağırovdur.
Tədbirdə professorlar Şamil Salmanov, Cəlal
Qasımov, Kamran Əliyev və başqalarının
məruzələri dinlənilmişdir.
Sonda repressiya qurbanlarının istintaqına dair
qovluqlarda saxlanılan sənədlərin, fotoşəkillərin
surətləri xatirə olaraq onların övladlarına
bağışlanmışdır.
- Xocalı soyqırımını törədənlər
beynəlxalq məhkəmə qarşısında
cavab verməlidirlər (Azərbaycan
qəzeti)
[21.02.03] XX əsrdə insanlara qarşı törədilmiş
zorakılığın, qeyri-insani rəftarın,
işgəncələrin ən dəhşətlisi
Xocalı faciəsidir.
Həmin soyqırım təcavüzün genosid
siyasətinin, eyni zamanda tərəqqipərvər
bəşəriyyətin dünyanın bir səslə
müdafiə etdiyi insan hüquq və azadlıqlarının
kütləvi şəkildə pozulmasının
nəticəsidir. Bu soyqırımda minlərlə
Azərbaycan vətəndaşı itkin düşmüş,
girov götürülmüş, çoxunun taleyi
hələ də məlum deyildir.
Dünən Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsman)
Aparatında Xocalı soyqırımının 11-ci
ildönümü münasibətilə mətbuat
konfransı keçirildi. Ombudsman Elmira Süleymanova
bildirdi ki, konfransı keçirməkdə məqsədi
bu dəhşətli faciəni törədən
cinayətkarların cəzalandırılması
məqsədi ilə BMT-nin Baş Katibinə, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığına,
BMT-nin qaçqınlar üzrə ali komissarına,
Avropa Şurasının baş katibinə, Avropa
Şurasının insan hüquqları üzrə
komissarına, ATƏT-ə ünvanladığımız
bəyanatla KİV əməkdaşlarını
tanış etmək, bu məsələdə ümummilli
səylərimizi birləşdirməkdir:" Bu
gün dünya miqyasında antiterror hərəkatının
geniş vüsət aldığı, ərazi bütövlüyünün
təmin olunması prinsipinin hamılıqla qəbul
etdiyi bir dövrdə işğala, terrora, genosidə
məruz qalmış bir xalq kimi Azərbaycan xalqının
da nüfuzlu və səlahiyyətli beynəlxalq
təşkilatalardan ayrı-seçkiliyə yol
verilmədən insanların pozulmuş hüquqlarının
bərpa edilməsini, işğal olunmuş torpaqların
qaytarılmasını təmin etməyi, qaçqın
və məcburi köçkünlərin yurdlarına
qaytarılmasını tələb etmək haqqı
var".
Bəyanatda bildirilir ki, Azərbaycan yeni minilliyə
beynəlxalq hüququn bərabər hüquqlu subyekti
kimi qədəm qoymuş, vətəndaş cəmiyyətinin
formalaşdığı, əsas insan hüquq və
azadlıqlarını təmin edən, beynəlxalq
hüququn prinsiplərinə, Beynəlxalq Konvensiyalara
riayət edən demokratik bir dövlətdir. Ümid
edirik ki, haqq və ədalət tezliklə öz
yerini tapacaq, Azərbaycana qarşı Xocalı soyqırımını
törədənlər beynəlxalq ədalət
məhkəməsi qarşısında cavab verəcəklər.
- OMBUDSMAN APARATINDA XOCALI SOYQIRIMININ 11-Cİ İLDÖNÜMÜ
QEYD OLUNDU (AzerTAc)
[20.02.2003] Fevralın 20-də Azərbaycan Respublıkasının
insan hüquqları üzrə müvəkkilinın (Ombudsmanın) aparatında
Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar tədbir
keçirilmişdir.
Aparatın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
Ombudsman Elmira Süleymanova ötən əsrin ən böyük faciələrindən
olan Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş bəyanatı
oxudu. Bildirdi ki, tədbiri keçirməkdən məqsəd Xocalı şəhidlərinin
xatirəsini anmaq, dəhşətli faciəni törədən cinayətkarların
cəzalandırılması barədə BMT-nın baş katibinə, BMT-nin
insan hüquqları və qaçqınlar üzrə ali komissarlarına,
Avropa Şurasının baş katibinə, AŞ-in insan hüquqları üzrə
komissarına, ATƏT-ə ünvanlanmış bəyanatı səsləndirmək,
həmçinin bu məsələdə ümummilli səyləri birləşdirməkdir.
Konfransın sonunda E.Süleymanova jurnalistlərin suallarına
cavab vermişdir.
- AZƏRBAYCAN QAÇQINLARININ HƏYATINA HƏSR EDİLMİŞ FOTO-SƏRGİ
AÇILMIŞDIR (AzerTAc)
[06.02.2003 23:30:34] TÜRKSOY-un Bakıda keçirilən
növbəti toplantısının iştirakçıları fevralın 6-da M.F.Axundov
adına Respublika kitabxanasında türkiyəli fotoqraf Yavuz Altanın
azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatından
bəhs edən fərdi sərgisi ilə tanış olmuşlar.
Sərgidə müəllifin qaçqınlarımızın ağır həyatından
bəhs edən 60-a yaxın fotosu nümayiş etdirilir.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu Ermənistan
silahlı qüvvələri tərəfindən zəbt olunmuş torpaqlarımızdan
didərgin düşmüş qaçqınlarımızın ağır həyat şəraiti
barədə məlumat vermiş, Yavuz Alatanın bu mözudakı fotolarını
yüksək qiymətləndirmişdir. Əmin olduğunu bildirmişdir
ki, ata-baba yurdlarından qaçqın düşmüş soydaşlarımız
müdrik rəhbərimiz Heydər Əliyevin ardıcıl səyləri və
uzaqgörən siyasəti nəticəsində tezliklə doğma vətənlərinə
qayıdacaqlar.
Qonaqlara Hüseynbala Mirələmovun erməni qəddarlığından
bəhs edən “Xəcalət” kitabı və Yavuz Alatanın “Qaçqınlar”
fotojurnalı təqdim olunmuşdur.
Mərasimdə Türkiyənin mədəniyyət naziri Hüseyn Çelik,
qardaş ölkənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz
və başqa rəsmi şəxslər iştirak etmişlər.
|
|